15 Aprel 2019 23:07 (UTC+04:00)
ADU-da “Total imla” adlı beynəlxalq aksiya keçirilib (FOTO)
Bakı. Katalog.az: Azərbaycan Dillər Universitetində (ADU) Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, ADU-nun “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyası, Rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının təşkilatçılığı ilə “Total imla” adlı beynəlxalq aksiya keçirilib. Universitetdən Katalog.az-ə verilən məlumata görə, dünyanın 80 ölkəsində keçirilən beynəlxalq aksiya Azərbaycanda dördüncü dəfə, ADU-da isə ilk dəfə olaraq reallaşıb və 100-dən çox iştirakçını, o cümlədən məktəbliləri, tələbələri, universitet müəllimlərini, habelə müxtəlif peşə sahiblərini və təqaüdçüləri bir araya gətirib. ADU rektorunun təşkilati məsələlər üzrə müşaviri dosent Seyfəl Həsənov aksiya iştirakçılarını universitet rəhbərliyi adından salamlayıb və hər kəsə uğurlar arzulayıb. Sonra Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin çıxış edib. O bildirib ki, aksiya hər il yeni iştirakçıları cəlb edərək populyarlığını davamlı şəkildə saxlayır: “Mən çox şadam ki, Azərbaycanın müxtəlif universitetləri bu tədbirə böyük maraq göstərərək öz platformalarını təqdim edir. Bu il bu təşəbbüsü Azərbaycan Dillər Universiteti göstərdi. Bu dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm”.