16 Aprel 2019 00:08 (UTC+04:00)
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində BDU-da seminar keçirilib (FOTO)
Bakı. Katalog.az: Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) çərçivəsində Bakı Dövlət Universitetində ilk seminar keçirilib. Universitetdən Katalog.az-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edib, müasir dövrün sosial bəlalarından olan və bütün dünyanı narahat edən narkomaniya problemindən, ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışıb. Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin təşkilinin vacib məsələ olduğunu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb. Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Roki Herron “Mən öz gələcəyimi seçirəm” mövzusunda təqdimat edib. O, Amerika Birləşmiş Ştatlarında narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ilbəil artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-ci illərdə ABŞ-da 10 min gənc bu bəladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir.