16 Aprel 2019 00:44 (UTC+04:00)
Sabirabadda 19 500 baş iribuynuzlu heyvandan qan analizləri alınaraq laboratoriyaya göndərilib (FOTO)
Bakı. Katalog.az: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, Sabirabad rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. DBX-dən Katalog.az-ə verilən məlumata görə, bu tədbirlər Sabirabad Rayon Baytarlıq İdarəsinin 21 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 74 kənd, 2 qəsəbə və 1 səhərində aparılır. Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 120 min baş iribuynuzlu, 2690 baş təkdırnaqlı heyvanda qarayara, 5600 baş sahibli itdə quduzluq və 900 min baş cücədə nyukasıl (“La-sota” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 19 500 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 756 baş quş askaridioza, 680 baş iribuynuzlu və 840 baş xırdabuynuzlu heyvan diktikaulyoza, 20 000 baş iribuynuzlu və 3000 xırdabuynuzlu heyvan fassilyoza görə kaproloji müayinə edilərək, 2530 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb. Fevral ayından Sabirabad rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 51 547 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Mart ayının ilk günlərindən isə Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 63600 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.