15 May 2019 18:59 (UTC+04:00)
BDU-nun Rus Mərkəzinin 10 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bakı. Katalog.az: Bakı Dövlət Universitetinin 100 və universitetin Rus Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar BDU-da “Azərbaycan-Rusiya humanitar münasibətlərinin inkişafı” adlı tədbir keçirilib. Katalog.az-in məlumatına görə, rektor Elçin Babayev Azərbaycan-Rusiya münasibətlərindən, siyasi, mədəni, sosial sahədəki əməkdaşlıq əlaqələrindən bəhs edib. “Rus dünyası” Fondu tərəfindən BDU-da açılan Rus Mərkəzinin fəaliyyətindən danışan rektor mərkəzin əsas məqsədinin rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olunması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə imza atmaq olduğunu bildirib. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Dövlət Universitetində Rusiya ilə elmi-humanitar əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. BDU-nun Rus Mərkəzi ilə səfirliyin əlaqələrindən məmnunluğunu ifadə edən səfir 10 illik yubiley münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın flaqman universiteti olan olan BDU-ya uğurlar arzulayıb, əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Rus Mərkəzinin müdiri Arzu Məmmədova mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Universitetin bir qrup əməkdaşı Rus Mərkəzinin işində fəal iştiraklarına görə Fəxri fərmanla təltif olunublar.
VALYUTA
feed not loading