15 May 2019 19:45 (UTC+04:00)
"Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” mövzusunda müzakirələr aparılıb (FOTO)
Bakı. Katalog.az: Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu bu gün “Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” mövzusunda müzakirələrlə davam edib. Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyindən (ƏƏSMN) Katalog.az-ə verilən məlumata görə, BSTA-nın xəzinədarı, Rusiya Federasiyası Pensiya Fondunun İdarə Heyətinin sədr müavini Nikolay Kozlovun moderatorluğu ilə bu mövzuda keçirilən panel iclasda Birləşmiş Millətlər Universitetinin sosial yönümlü elektron idarəetmə üzrə əməliyyat bölməsinin tədqiqatçısı Morten Meyerhof Nilsenin sosial təminat sistemində innovativ idarəçiliyə dair çıxışı dinlənilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Niderlandın Sosial Sığorta Bankının İdarə Heyətinin sədri Simon Simba və Estoniyanın Milli Sosial Sığorta Şurasının Baş direktoru Eqon Vermaye isə mövzuya dair məruzələrlə çıxış ediblər. Çıxış və məruzələrdə təqdim olunan məlumatlar və yanaşmalarla bağlı iştirakçılar rəy və təkliflərini bildiriblər. Sonra “Sosial təminatın mükəmməl idarə olunmasına innovativ yanaşmalar” mövzusunda paralel sessiyalar keçirilib. Sessiyalarda sosial təminatda əhatəliliyin və inklüzivliyin artırılması, xidmətlərin təkmilləşdirilməsi, önləyici tədbirlərin və reabilitasiyanın, maliyyə dayanıqlığının gücləndirilməsi, Avrasiyada əməkçi miqrantların sosial müdafiəsi və s. məsələlər müzakirə olunub. Xatırladaq ki, Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edir.
VALYUTA
feed not loading