3 Dekabr 2019 02:22 (UTC+04:00)
Dekabr ayının mədəniyyət “Afişa”sı
Bakı. Katalog.az: Hər ayı müxtəlif sənət layihələri, festival və sərgilər, konsert proqramları və yeni tamaşalarla bol olan paytaxtın mədəni həyatında 2019-cu ilin son ayı gəlib çatdı. Dekabr ayında da şəhərin teatr-konsert müəssisələrinin afişa-repertuarları tədbir və təqdimatlar sarıdan çox zəngindir. Üstəlik, həmişəki kimi, Bakı yenə qonaq-qaralı olacaq. Bu ay İspaniyadan və Macarıstandan pianoçular Senya Son və Tamaş Erdi, Belçikadan violin ifaçısı Mark Buşko, Türkiyənin caz vokalçısı Sibel Köse və digər məşhurlar konsert zallarımızda çıxış edəcək. “Azərbaycan vokalçıları” festivalı ayın konsert proqramlarına əlavə rəng qatacaq. “Rusiya Teatrı ili” çərçivəsində “Sankt-Peterburq Opera” teatrı paytaxtımıza qastrol səfərinə gələcək. Akademik Rus Dram, Gənc Tamaşaçılar teatrları hərəsi dekabrda iki premyera planlaşdırıb. Yuğ teatrı bu ay (3 dekabr) 30 illiyini qeyd edir. Akademik Milli Dram və digər teatrlar noyabrın sonlarında “Cəfər Cabbarlı həftəsi”ndə premyerasını etdikləri tamaşaları bu ay da sənətsevərlərə təqdim edəcəklər. Heydər Əliyev Sarayında Nəsiminin 650 illiyi münasibətilə F.Əlizadənin “Nəsimi passion” vokal-xoreoqrafik tamaşasının nümayişi nəzərdə tutulub. Ayın son həftəsi isə ənənəvi olaraq mədəniyyət ocaqlarında Yeni il şənlikləri – tamaşa və konsertlərlə yadda qalacaq. Bir sözlə, dekabr ayının mədəniyyət mənzərəsi olduqca rəngarəngdir və uşaqdan böyüyə hər kəsin marağına uyğun geniş seçim imkanları var. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi isə sizlərə bu işdə bələdçilik edə bilər. Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir. “Afişa” əlavəsinin dekabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunacaq konsertlər də diqqətə çatdırılır. Nizami Kino Mərkəzində ekrana çıxan filmlər, yaxud Bakı Dövlət Sirkindəki yeni proqram barədə məlumat almaq istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.