5 Fevral 2020 20:01 (UTC+04:00)
Füzulidə top mərmiləri və raket tapılıb (FOTO)
Bakı. Katalog.az: Füzulidə 3 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 3 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Katalog.az-ə verilən məlumata görə, 2020-ci il 05 Fevral tarixində saat 15:01-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Zobcuq qəsəbəsi, Quruçay adlanan ərazidə yerləşən körpünün yaxınlığından 3 ədəd top mərmisinin və 3 ədəd qrantamyot mərmisinin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 3 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.