5 Fevral 2020 20:27 (UTC+04:00)
Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Bakı. Katalog.az: Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Azərbaycan Gimnastika Federasiyasından Katalog.az-ə verilən məlumata görə, (AGF) Avropanın ən güclü idmançılarının gərgin idman mübarizəsinin gözlənildiyi sayca 34-cü qitə birinciliyi mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarış iştirakçılarının ilkin siyahısı fevralın, adların qeyd olunacağı yekun siyahı isə aprelin sonunda dərc ediləcək. Həm böyüklər, həm də gənclərin çıxış edəcəyi çempionat “Tokio 2020” Yay Olimpiya Oyunlarına hələ vəsiqə qazanmamış bəzi böyük gimnastlar üçün son dəfə lisenziya əldə etmək şansı verəcək. Belə ki, çoxnövçülükdə çıxış edən və eyni zamanda, Olimpiya lisenziyasını qazanma haqqı olan, Avropa çempionatı çərçivəsində təsnifat yarışlarında ən yüksək xalı toplamış 2 gimnast “Tokio 2020”yə vəsiqə əldə edəcək. Qeyd edək ki, gənc gimnastlar üçün yaş həddi 14-18, böyük idmançılar üçün isə minimum yaş həddi 18 olmalıdır.